5 İyun - Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə seminar keçirilib.
Görüşdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində görülmüş işlər, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda auditoriyaya ətraflı məlumat verilib.
Tədbir, həmçinin görkəmli akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən görüşdə dünya şöhrətli alimin keçdiyi həyat yolundan, o cümlədən qələminin məhsulu olan çoxsaylı elmi əsərlərdə torpaqşünaslıq, ekologiya, biocoğrafiya, botanika, meşəçilik, meliorasiya, aqrokimya və s. elmlərin inkişafına verdiyi mühüm töhfələrindən, eləcə də onun müəllifi olduğu kitabların bu günümüz üçün də aktual olmasından söz açılıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb.
azertag.az