Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 639,0 min nəfər olub və onlardan 4 394,8 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta siyahı sayı 1 376,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 848,5 min nəfər, qeyri-dövlət bölməsində isə 528,4 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 37,1 min nəfər, qeyri-neft sektorunda isə 1 339,8 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 336,1 min nəfər təşkil edib.
«Oktyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,4 min nəfər olub, onların 42,3%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə işsiz statusuna malik olanların 2 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 208,9 manat olub».
Qeyd edək ki, əvvəlki aya nisbətən ölkədə rəsmi işsiz statusuna malik olanların sayı 0,5%, 2011-ci ilin analoji dövrünə nisbətən isə 5% azalıb.
APA