Qubada xalçaçılıq sənəti təbliğ edilir
31.5.2017

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsini reallaşdırır.

İctimai birlikdən bildirilib ki, Quba rayonunda icra olunan layihə çərçivəsində xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımların iştirakı ilə ilk təlim keçirilib.

Təlimdə ictimai birliyin sədri, Azərbaycanın ilk sahibkar qadını Fatimə Ağamirzəyeva xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikası haqqında məlumat verib. Habelə onlara qədim və unudulmaqda olan xalça naxışları, köhnə xalçaların bərpası haqqında məsləhətlər və tövsiyələr verib.



azertag.az