Paris meriyasında keçirilən konfransda Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən danışılıb
31.5.2017

Paris meriyasında “Ələddin” layihəsi və UNESCO-nun birgə təşkilatçılığı ilə “Avropa və Aralıq Dənizi gəncləri ekstremizm və dözümsüzlüyə qarşı. Gələcək üçün hansı imkanlar?” mövzusunda konfrans keçirilib.

Konfransda ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov, UNESCO baş direktorunun müavini Getaçev Engida, BMT-nin soyqırımının qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Dieng, Malinin iqtisadiyyat və maliyyə naziri Bubu Sise, ekspertlər, eləcə də “Ələddin” layihəsi və UNESCO ilə tərəfdaşlıqda 2016-cı ildə Bakıda və Qubada keçirilmiş yay universitetinin tələbələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin layihə çərçivəsində təşkil olunan yay universitetləri haqda məlumat verərək, gənclər arasında mədəniyyətlərarası dialoqun təşviqində onların rolunu qeyd edib və Azərbaycan hökumətinə 2016-cı ildə Bakıda və Qubada yay universitetinin təşkilinə görə təşəkkürünü bildirib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ekstremizmə qarşı mübarizənin, onun qarşısının alınmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə “yumşaq güc”dən (“soft power”) istifadə etməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, ekstremizmin qarşısı təhsil vasitəsilə alınmalıdır və bu baxımdan UNESCO ən uyğun təşkilatdır. Ölkəmizin zorakı ekstremizmə qarşı mübarizəsinə gəldikdə isə, o, müstəqilliyinin bərpa edilməsinin ilk günlərində hərbi təcavüz və etnik təmizləmələrə məruz qaldığına baxmayaraq, Azərbaycanın bu problemin dialoq və qarşılıqlı anlaşma, eləcə də sülh mədəniyyətinin təşviqi yolu ilə aradan qaldırdığını diqqətə çatdırıb. O, Azərbaycanın tarixən tolerant ölkə olduğunu vurğulayaraq, onun mədəniyyətlərarası dialoqda oynadığı roldan söz açıb.

A.Kərimov ölkəmizin bu sahədə apardığı siyasətin nümunəsi kimi, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə “Bakı prosesi” təşəbbüsünü irəli sürdüyünü qeyd edərək, hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb. O, bu il Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində birinci xanımların iştirakı ilə keçirilmiş Yüksək Səviyyəli Görüş və holokost təhsili ilə bağlı panel haqda da məlumat verib. Qeyd edib ki, tədris planlarına tolerantlıq və multikulturalizm dəyərlərini daxil etmək vacibdir və Azərbaycan bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır.

Sonda “Ələddin” layihəsi çərçivəsində Bakıda və Qubada keçirilmiş yay universitetindən danışılıb və növbəti yay universitetinin 2017-ci ildə yenə Azərbaycanda keçiriləcəyi bildirilib.

UNESCO baş direktorunun müavini Getaçev Engida IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı danışaraq, ölkəmizə mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Ekspertlərin iştirakı ilə keçirilmiş panel müzakirələrində Azərbaycanda 2016-cı ildə təşkil edilmiş yay universitetinin tələbələri yay universiteti çərçivəsində gördükləri işlər barədə ətraflı məlumat verərək ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüblər.

Sonda “Ələddin” layihəsinin 10 illik yubileyinə həsr edilmiş qala şam yeməyi verilib.

Fransanın sabıq Prezidenti N.Sarkozi, UNESCO-nun baş direktoru İ.Bokova, Paris şəhərinin meri A.İdalqo, Baron D.Rotşild, Fransanın keçmiş mədəniyyət naziri və UNESCO baş direktorluğuna namizəd A.Azule və digər tanınmış şəxslər şam yeməyində iştirak ediblər. N.Sarkozi və İ.Bokova şam yeməyindən əvvəl çıxış edərək ekstremizmə qarşı mübarizədə həmrəylik və birgə fəaliyyətin göstərilməsinin vacibliyini vurğulayıb, terrorizmin heç bir dinlə əlaqəlı olmadığını diqqətə çatdırıblar.

Sonra ötən il ölkəmizdə keçirilən yay məktəbinin məzunlarına sertifikatların təqdim edilməsi mərasimi olub. UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri A.Kərimovun iştirakı ilə keçirilən mərasimdə məzunlar Bakı və Quba ilə bağlı təəssüratlarını bölüşüblər.

Fransanın yəhudi icmasının aparıcı nümayəndələrinin, eləcə də Fransa ictimaiyyəti və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirdə mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşma kimi ifadələrlə yanaşı, ölkəmizin adı dəfələrlə səsləndirilib.



azertag.az