Yaponiyanın nüfuzlu “The Japan Times” qəzetində 28 May – Respublika Günü və Azərbaycan ilə bu ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə məqalə dərc edilib.
Ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin müəllifi olduğu “Azərbaycanın davamlı inkişafı” sərlövhəli məqalədə ötən əsrin əvvəllərində müstəqilliyin qazanıldığı, 1991-ci il oktyabrın 18-də isə yenidən bərpa edildiyi bildirilib. Müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi, məqsədyönlü siyasət nəticəsində son illər qazanılan böyük uğurlar barədə ətraflı məlumat verilib. Yaponiyalı oxucular, həmçinin iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə məlumatlandırılıb.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına və bunun nəticəsində bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, ölkə iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olması barədə məlumat da oxucuların diqqətinə çatdırılıb.
Məqalədə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının, o cümlədən Formula-1, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili haqqında məlumat verilib.
Yazıda bu il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan səfir bununla bağlı qarşılıqlı mötəbər tədbirlərin, səfərlərin planlaşdırıldığını qeyd edib. Məqalədə iki ölkə arasında iqtisadi, o cümlədən enerji və qeyri-neft sektorunda əməkdaşlığın inkişafı barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq da genişlənir. Bu, ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.
azertag.az