Azərbaycanın Batumidəki Baş Konsulluğu və “MEDİAGROUP ADJARA P.S.”in dəstəyi ilə Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıcısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında cəkilmiş “Hökmdarın taleyi” filmi gürcü dilində APOLLO kinoteatrında nümayişi olunub.
Tədbiri Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov açaraq filmin böyük əhımiyyətindən danışıb, onun tamaşacilar tərəfindən böyük maraq doğuracaqına əmin olduğunu söyləyib.
Baş konsul bildirib ki, İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib və “Hökmdarın taleyi” filmi də ümummilli lider Heydər Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq çəkilib.
Yazıçının nəvəsi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək İlyas Əfəndiyevin əsərlərinin Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən bəhs edib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığına böyük qiymət verib. 2014-cü ilin yanvarında İlyas Əfəndiyevin 100 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.
G.Əfəndiyeva deyib ki, filmdə cərəyan edən hadisələr, Azərbaycan tarixinin mürəkkəb dövrlərindən birini əhatə edir. Filmdə Qarabağda cərəyan edən hadisələr, Qarabağın tarixi və həqiqətləri barədə məlumat verən qonaq bir daha bu filmin tamaşacılar arasında boyuk maraq doğuracağına əmin oldugunu bildirib.
“MEDİAGROUP ADJARA P.S.”in rəhbəri Cemal Meqrelidze Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığından, ictimai-siyasi, mədəni əlaqələrindən danışıb. Azərbaycan ədiblərinin əsərlərinin, teatr tamaşalarının və filmlərin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının mədəni əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aydın Həsənov, Acarıstan Muxtar Respublikasının dövlət rəsmiləri, Batumidə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Batumi Dövlət Universitetinin tələbələri, SOCAR-ın rəhbər heyəti və əməkdaşları, Batumidəki icmaların rəhbərləri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, böyük dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi xalq yazıçısı Elçindir. “Hökmdar və qızı” filminin musiqisi Polad Bülbüloğluna məxsusdur.
Filmin rejissoru Ramiz Fətəliyevdir. Filmdə əsas rolları Fəxrəddin Manafov, Günəş Əliyeva, Pərviz Məmmədrzayev, İlya Şakunova və başqaları ifa edirlər.
report.az