Azərbaycanda 18 121 uşaq aylıq sosial müavinətlə təmin olunur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, ölkə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Bu sənədlərdən irəli gələn normaları əks etdirən “Uşaq Hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar, digər zəruri normativ hüquqi aktlar qəbul olunub. Beləliklə, uşaq hüquqları sahəsində mütərəqqi beynəlxalq normalara, humanist yanaşmalara əsaslanan milli qanunvericilik bazası formalaşıb.
Nazirlikdən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi, eyni zamanda dövlət başçısının sosial inkişafın təmin edilməsinə yönələn fərman və sərəncamları uşaqların dövlət qayğısı ilə əhatə olunması tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradıb. Bu siyasətin əsas istiqamətlərindən biri də müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinə yönəlib. 2017-ci ilin 01 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur. Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin 48,4 faizi uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqların (3 243 nəfər) hər birinə görə aylıq sosial müavinət də ödənilir: Azərbaycan Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanı uşaqlara dövlət qayğısının artırılmasının növbəti nümunəsi olmaqla, çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayıb. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ilin 01 aprel tarixinə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış ümumilikdə 8 926 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət verilir".
Məlumata görə, ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə isə aylıq əmək pensiyası ödənilir ki, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir: "Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi diqqət və qayğının nümunəsidir. Cari ilin yanvar-aprel aylarında Mərkəzdə 1000 nəfərdən çox şəxsə stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib, həmçinin hazırda 320 nəfərdən çox uşağın yaşadığı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə dayanan məsələlərdən biridir. Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ildə 70 nəfər əlilliyi olan şəxslə bərabər, 58 nəfər sağlamlıq imkanları məhdud uşağın da (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü işlər görülür. Təkcə ötən il bu sifarişlər üzrə 37 layihə icra olunub ki, həmin layihələr 2046 nəfər ehtiyacı olan uşağı əhatə edib.
Uşaq hüquq və azadlıqlarının vacib tərkib hissələrindən biri də uşaq əməyinin, xüsusi ilə onun ən pis formalarının ləğv olunmasıdır. Bununla əlaqədar Azərbaycan ötən dövrdə BMT-nin "Uşaq hüquqları haqqında", BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağan edilib. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan məqsədyönlü işlərin, bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirlərinin müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları da minimum səviyyəyə enib.
Qeyd olunanlar uşaqların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi formalaşmasının, eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu və bu sahədə ölkəmizdə məqsədyönlü addımlar atıldığını göstərir".
report.az