Respublika Uşaq Kitabxanasında “Nağıl bilicisi” adlı müsabiqə keçirilib
2.6.2017

İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Nağıl bilicisi” adlı əyləncəli müsabiqə keçirilib.

Kitabxanadan bildirilib ki, müsabiqədə Nəsimi rayonu 36 nömrəli məktəbin 3-cü sinif şagirdləri və kitabxananın fəal azyaşlı oxucuları iştirak ediblər. Əyləncəli müsabiqə “Nağıllardan suallar”, “Tap görüm”, “Atalar sözü”, “Teleqram”, “Sehrli zənbil” mərhələlərindən ibarət olub. Hər düzgün cavab bir kəpənək ilə qiymətləndirilib. Ən çox kəpənək yığmış oxucu müsabiqənin qalibi olub.

Müsabiqənin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova uşaqları bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, mütaliə və kitab uşaqların dünyagörüşünün formalaşmasında böyük rol oynayır. Məhz kitablar uşaqlar üçün yeni dünyanın qapılarını açır, estetik tərbiyəni, mənəvi və intellektual səviyyənin yüksəlməsini təmin edir. Bugünkü tədbirdə uşaqların fəal iştirakı və onlara verilən suallara düzgün cavab vermələri onların kitabxanadan daim istifadə etməsində, eləcə də ədəbiyyatların düzgün seçilməsində və seçilən ədəbiyyatların mənimsənilməsində öz əksini tapıb. Kitabxananın direktoru çıxışının sonunda müsabiqənin qalibini - Nəsimi rayonu 36 saylı orta məktəbin 3-cü sinif şagirdi Zəhra Elçin qızı Ağayevanı “Nağıl bilicisi medalı” ilə təltif edib. Müsabiqənin bütün iştirakçılarına kitablar hədiyyə olunub.



azertag.az