Səbaildə "Əhali ilə aktiv görüşlər aylığına" start verilib
2.6.2017

Səbail rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda "Əhali ilə aktiv gürüşlər aylığı"na start verilib.

Rayonun yaşayış sahələrində keçirilən görüşlərin əsas məqsədi sakinlərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər, ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.

C.Hacıyev adına 3 saylı musiqi məktəbində Səbail RİH-nin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi ilk görüş rayonun Bayıl-20-ci yaşayış sahəsində yaşayan sakinlər, buradakı idarə, təşkilat və müəssisələrin, ağsaqqallar və gənclərin nümayəndələrinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Açıq mikrofon formatında təşkil olunmuş görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər barədə danışaraq qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bildirilib ki, son vaxtlarda 2 saylı SİƏD-in ərazisində yeni “Abad məhəllə” salınıb, I Buxta küçəsi 39 ünvanında yerləşən qəzalı binada yaşayan ailələrin köçürülməsi ilə bağlı tədbirlər həyata keçirilib. Hazırda 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni istirahət parkının salınması, 6 ünvanda mövcud köhnə tikililərin yerində müasir çoxmərtəbəli binaların inşası aparılır.

Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunub, ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənərək ona minnətdarlıq bildirilib.



salamnews.org