Su təchizatı ilə bağlı müraciət elektronlaşdırıldı
2.6.2017

“Azərsu” ASC-nin “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” elektron xidməti “Elektron hökumət” portalına (e-gov.az) əlavə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, sözügedən xidməti www.e-gov.az üzərindən “Bütün xidmətlər” bölməsindən “Azərsu” ASC-nin xidmət qrupu arasından, həmçinin “Axtarış” xanasına e-xidmətin adını yazmaqla tapa bilərsiniz.

Vətəndaş müraciətini, abonent kodunu daxil etməklə və ya elektron xidmət FİN-ə uyğunlaşdırıldığına görə birbaşa “Davam et” düyməsini seçməklə formalaşdıra bilər. Açılan pəncərədə müvafiq xanaları zəruri qaydada qeyd etdikdən sonra müraciət təsdiqlənməlidir.

Beləliklə, vətəndaş kompüter və internetin olduğu istənilən yerdən sözügedən məsələlərlə bağlı müraciətini elektron qaydada göndərə bilər. Müraciət formasında qeyd edilmiş bütün xanalar lazımi qaydada doldurulduqda müraciət qeydə alınır və monitorda “Müraciətiniz qeydiyyata alindi. xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” sözləri yazılmış təsdiq pəncərəsi açılır. İcra müddəti 3 iş günü təşkil etdiyindən su-kanal idarəsinin nümayəndələri tərəfindən bu müddət ərzində müraciətə əsasən zəruri tədbirlər görülür.

“Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edildikdən sonra portalda olan elektron xidmətlərin sayı 449 oldu.

Qeyd edək ki, elektron xidmətin istifadəsi üçün www.e-gov.az, “Elektron hökumət” portalına müvafiq autentifikasiya vasitələri (“Elektron imza” kartı, “Asan imza”, e-gov identiti və istifadəçi adı/şifrə) ilə giriş edilir.

trend