ATU-da uşaqlar üçün pulsuz aksiya
2.6.2017

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında başladılan 2 günlük pulsuz aksiya başa çatıb.

Klinikadan verilən məlumata görə, aksiyada 1-16 yaş arası 100 nəfərə yaxın uşaq qəbul edilib. Aksiya barədə fikirlərini bölüşən professorlar bunun onlar üçün çox şərəfli bir iş olduğunu vurğulayıblar.

Revmatoloq, professor Surxay Musayevin sözlərinə görə, beynəlxalq səviyyədə keçirilən bu bayramda uşaqları müayinə etmək onlara böyük sevinc yaşadıb: "Qəbul edilənlər arasında sadəcə profilaktik müayinə üçün gələnlərlə yanaşı ciddi problemi olan uşaqlar da var idi. Əkizləri, həmçinin rayondan gələn uşaqları da qəbul etdik. Valideynlərə övladlarını mütəmadi olaraq həkim müayinəsindən keçirməyi tövsiyə etdik".

Professorlar - kardioloq İbrahim İsayev və Amaliya Əyyubova da qəbul edilən uşaqlar arasında istər yoxlanış, istərsə də ciddi patologiya ilə yaxınlaşan valideynlərin olduğunu deyib, onlara uşaqda hansısa problem aşkar etdikdə, vaxtında həkim müayinəsinə aparmağı tövsyə ediblər. Qeyd ediblər ki, vaxtında həkimlər tərəfindən edilmiş müdaxilə sonrakı problemlərin qarşısını alacaq və müayinələrdə də müsbət nəticə əldə olunacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər il iyun ayının 1-i beynəlxalq səviyyədə Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir.



Milli.Az