II Respublika Xalq Teatrları Festivalı keçirilir
2.6.2017

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalı keçirilir.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Festival seçim və final mərhələlərindən ibarətdir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə münsiflər heyəti (Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimov, Gəncə Dövlət Dram Teatrının aktrisası, xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva) regionlara ezam edilib.
Festivalın seçim mərhələləri cari il aprelin 27-si mayın 31-i aralığında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir və Masallı regional mədəniyyət və turizm idarələrində keçirilib.
Festivalın final mərhələsi və bağlanış mərasimi iyunun 12-14-də Bakı şəhərində, Akademik Milli Dram Teatrında keçiriləcək. Final mərhələsində xalq teatrlarının çıxışlarına münsiflər heyəti tərəfindən baxış keçiriləcək. Daha yüksək qiymətləndirilmiş festivalın birinci, ikinci və üçüncü yer mükafatlarına layiq görülüb, habelə müxtəlif nominasiyalar üzrə təltif olunan teatrlar iyunun 14-də Akademik Milli Dram Teatrında festivalın bağlanış mərasimində mükafatlandırılacaq.
Qeyd edəkl ki, final mərhələsində Akademik Milli Dram Teatrında “Açıq qapı” günləri tətbiq olunacaq.



report.az