Bakı Ali Neft Məktəbinin komandası beynəlxalq texnologiya müsabiqəsində uğur qazanıb
5.6.2017

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Neftçi” komandası Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Microsoft Imagine Cup-2017” beynəlxalq texnologiya müsabiqəsinin regional mərhələsində ikinci yeri tutub. Bu barədə BANM-dən məlumat verilib.

“Neftçi” komandasının tərkibində çıxış edən BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimov və Şamil Ömərov, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova “Microsoft Imagine Cup-2017” üçün “JABDA” musiqi manipulyatoru sistemini hazırlayıblar. Bu innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar. “JABDA”nın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırkı musiqi siyahısına daxil edə və ya digər mövcud mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər.

“Microsoft Imagine Cup-2017” münsiflər heyətinin üzvü Oleq Kudrenkonun sözlərinə görə, layihə böyük perspektivlər vəd edir. “Əgər layihə üzərində bir az da işlənilsə, onun üçün böyük dünya bazarı açılacaq”, - deyə O.Kudrenko bildirib.

“Microsoft Imagine Cup-2017” beynəlxalq müsabiqəsinin regional mərhələsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Estoniya, Belarus və Litvanı təmsil edən 9 komanda mübarizə aparıb. Üçüncü yerin sahibi Gürcüstan komandası olub. Finala vəsiqəni isə Belarus komandası qazanıb. “Microsoft Imagine Cup-2017” yarışının finalı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcəklər.

Qeyd edək ki, qalib Belarus komandası serebral iflicli uşaqlar üçün “SCRAWLLESS” adlı riyazi veb-portal hazırlayıb. Dünyada analoqu olmayan platformanın köməyi ilə uşaqlar müstəqil olaraq riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirə biləcəklər. Bu proqram vasitəsilə uşaqlar müxtəlif həndəsi fiqurları çəkməyi və saymağı öyrənə bilirlər. Sayt artıq 100 uşaq arasında sınaqdan keçirilib.

azertag.az