Gənc Tamaşaçılar Teatrı “Səhnədən salam” Teatr Festivalına dəvət alıb
6.6.2017

Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünün sonuna yaxın daha iki səfərə yola düşür.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kollektiv iyunun 11-17-də Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə hər il ənənəvi olaraq Astana şəhərində keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün dəvət alıb.
ADGTT-nın direktoru Mübariz Həmidovun ilə kollektiv sözügedən tədbirdə teatrın ən maraqlı tamaşalarından biri olan, bir sıra beynəlxalq teatr festivallarının qalibi Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə yola düşəcək.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.
Kollektivin digər bir heyəti isə iyunun 13-15-də Azərbaycanın bölgələrinə səfər edəcək.
Ölkə başçısının “Azərbaycan teatrı 2009-2019-cu illər üçün Dövlət Proqramına dair” Sərəncamına əsasən ADGTT hər il olduğu kimi, bu il də növbəti mövsümün sonuna yaxın repertuarında olan ən maraqlı tamaşaları ilə bölgə tamaşaçılarının görüşünə gedir.
Bu dəfə kollektiv Qəbələ, Oğuz və Balakən rayonlarında ölməz M.F.Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, əsas obrazların ifaçıları əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Məsumə Babayeva, Zülfiyyə Alhüseynova, Kərəm Hadızadə, Aydın Dəmirov, Elnur Hüseynov, Ramil Məmmədovdur.



report.az