Necə yatırıqsa, elə də yaşayırıq
24.10.2012

Britaniyalı alimlərin son araşdırması buna dəlalət edir. Oksford və Kembric universitetlərinin alimlərinin apardıqları araşdırmaya Robert Filips başçılıq edib.

Onun sözlərinə görə, yuxudakı pozalar insanın davranış və xasiyyətini dəqiq səciyyələndirir.

Yatanda "embrion pozası"nda olanlar rahatlıq axtaran insanlardır. Eyni zamanda belələri inadkar və qətiyyəli, bir qədər də davakar şəxslərdir.

Yataqda sol böyrü üstə yatan və ayaqlarını uzadan insanlar həddən ziyadə inad etməyi sevənlərdir.

Sol böyrü üstə yataraq əllərini yana uzadanlar "eskapist"lər, yəni problemlərdən qaçmağa üstünlük verənlərdir.

Yatanda yastığı qucaqlayan və bağrına basanlar isə həyatdakı problemlərin həllində çətinlik çəkənlər, müşküllərin əksəriyyətinin öhdəsindən gəlməyi bacarmayanlardır.

Araşdırmaların nəticələrinə görə, insanların 58 faizi yatanda "embrion pozası" alır və bu, şəxsiyyəti formalaşdıran məqamların məhz yuxuda, insanın röyalar aləmində olarkən psixoloji motivasiyaların özündən asılı olmayaraq üzə çıxması kimi qəbul olunur.

Yatanda sol böyrü üstə olan və dizlərini yığan adamlar arzularının çin olmasına çalışan, bu yolda qətiyyətlə irəlilədiklərini düşünənlərdir.

Fəqət, Oksford Universitetinin professoru Devid Berkli bildirir ki, "embrion pozası"nda yatanlar həyatlarını rəvan keçirmək istəyənlərdir.

"Rahat, rəvan yuxu insanı sabahkı günə hazırlayır. İnsan yatanda aldığı poza isə onun ayılanda günü necə keçirəcəyini əhəmiyyətli dərəcədə müəyyənləşdirir", - Berkli deyib.

Big.az