Braziliyanın “Embassy Brasilia” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə bağlı keçirilmiş tədbirə həsr olunan məqalə dərc edilib.
Səfirlikdən bildirilib ki, ingilis və portuqal dillərində dərc olunan məqalədə səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyi, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilir. Həmçinin Azərbaycan–Braziliya münasibətləri, xüsusilə ticarət dövriyyəsi, eləcə də Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxuculara təqdim edilir.
Bundan əlavə, məqalədə son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusilə birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları haqqında da bəhs edilir.
Axar.az