İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, tanınmış dirijor Nəriman Əzimovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbir “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşib.
Gecədə çıxış edən “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov dirijorun həyat və fəaliyyətindən danışıb.
Bildirilib ki, yüzlərlə mahnı və musiqi əsərlərinin müəllifi olan sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyada tanıdılmasında əvəzsiz xidmətləri var.
Qeyd edilib ki, görkəmli sənətkar Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, tar və xalq çalğı alətləri orkestri üçün musiqilərin, eləcə də "Xatirə", "Qaynana əməliyyatı", "Özəlim – gözəlim" əsərlərinin müəllifidir.
Tədbir sənətkarın xatirəsinə həsr edilmiş konsert proqramı ilə davam edib.
Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə konsertdə görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru, Əməkdar Artist Faiq Sadıqovdur.
azertag.az