Parisdə Vaqif Səmədoğlunun xatirə gecəsi keçirilib
7.6.2017

Parisdə Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə dramaturq, publisist, Xalq şairi Vaqif Səmədoğlunun yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib.
Tədbir zamanı şairin həyat və yaradıcılığından ətraflı danışılıb və onun fransız dilində çap olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı kitabı yerli oxuculara təqdim edilib.
Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva insan və cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir, həmçinin onun şeirləri, bu şeirlərin özəllikləri, bədii-sənətkarlıq xüsusiyyətləri, yüksək fikri-intellektual səviyyəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbir iştirakçılarının diqqətini Vaqif Səmədoğlu poeziyası ilə yanaşı, Vətənini sevən insan, Azərbaycan tarixinin gözəl bilicisi, hətta Sovet İttifaqı zamanı yaradıcılıq vasitəsilə haqq sözünü mərdliklə ifadə edə bilən şəxs və bu kimi digər şəxsi xüsusiyyətlərinə cəlb edib.
Səməd Vurğun Ev Muzeyinin müdiri, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova şairin həyat və yaradıcılığı, daxili azadlığı, demokratik dəyərlərə bağlılığından danışıb. O, həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini yaratmış bu dahi şairin əsərlərinin ilk dəfə şəxsən özünün nəşrə hazırladığını fəxr hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Nüşabə Vəkilova, həmçinin qeyd edib ki, şairin şerlərini ingilis dilinə tərcümə etmiş, heç vaxt poeziyanı sevməyən Betti Bleyer, Vaqif Səmədoğlunun şerlərini tərcümə etdikdən sonra poeziyanı sevməyə başlayıb, özü şəxsən şeir yazmağa və hətta Vaqif Səmədoğlu üslubunda yazmağa başlayıb.
Yazıçı Jan-Pyer Allali çıxışında qeyd edib ki, Nizami Gəncəvi, Səməd Vurğun kimi dahilər yetişdirmiş Azərbaycan torpağında Rastrapoviç kimi bütün dünyada məşhur olan şəxslər doğulub boya-başa çatıb. Yazıçı, həmçinin qeyd edib ki, Azərbaycan neftindən kifayət qədər danışılıb, bu gün artıq Azərbaycanın zəngin arxeoloji qazıntıları, dünya miqyaslı musiqisi və mədəniyyətindən ətraflı söz açmaq vaxtı yetişib.
Tədbirdə yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr vermiş Vaqif Səmədoğlunun şeirlərindən parçalar səsləndirilib.
Gecə Səməd Vurğunun nəticəsi Vurğun Vəkilovun pianoda xarici və Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə davam edib.
Tarixçi, şair Payen Appenzeller müsahibəsində bildirib ki, Vaqif Səmədoğlu şeirlərini dünyanın ən mütəfəkkir yaradıcıları kimi hamının danışıb anlaşdıqları, hamıya tanış olan bir dildə yazıb.
"Vaqif Səmədoğlu elə şairlərdəndir ki, onun şeirləri yaddaşlarda həkk olunur. Vaqif Səmədoğlu yaradıcılığı dünya ədəbiyyatında, geniş təcrübəsi, oxunaqlı, lirik, həzin dil üslubu ilə xarakterizə olunmaqla, xüsusi yerlərdən birini tutur. Bu şeirlər o qədər sadə və oxunaqlı dildə yazılıb ki, hamı başa düşür, amma o qədər dərin məna ifadə edir ki, hər adam onları başa düşmür", - deyə o bildirib.



report.az