“Musiqi Olimpi” festivalının bağlanış mərasimində orkestrı azərbaycanlı dirijor idarə edib
7.6.2017

D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasında “Musiqi Olimpi” XXII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib. Konsertdə Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Akademik Filarmonik Orkestri çıxış edib.

Əyyub Quliyev bildirib ki, XIX-XX əsrlərdə yazılmış məşhur simfonik və instrumental əsərlərin yer aldığı konsertdə 20-dək beynəlxalq müsabiqənin qalibləri – violonçel ifaçısı Kristof Kruaze (İsveçrə) və pianoçu Yelizaveta Klyuçereva (Rusiya) solist kimi böyük uğurla çıxış ediblər. Rusiyanın Xalq Artisti, görkəmli violonçel ifaçısı, Sankt-Peterburq Konservatoriyasının professoru Anatoli Nikitinin xatirəsinə həsr olunmuş həmin gecədə məşhur musiqiçinin ən çox sevdiyi əsərlər azərbaycanlı dirijorun, rusiyalı və isveçrəli ifaçıların təqdimatında səsləndirilib.

Böyük marağa səbəb olan konsertin sonunda dirijor Əyyub Quliyev çıxış edərək, bu ilin fevral ayında dünyasını dəyişmiş professor Anatoli Nikitinlə bağlı xatirələrini bölüşüb və Azərbaycan musiqiçilərinin Rusiyada uğurlu konsert fəaliyyəti ilə bağlı məlumat verib.


Bundan sonra məşhur violonçel ifaçısı Kristof Kruaze və dirijor Əyyub Quliyev səhnəyə yenidən qayıdaraq Sergey Raxmaninovun “Vokaliz” əsərini təqdim ediblər. Əsərin ifasından sonra salonda əyləşən dinləyicilər musiqiçiləri ayaq üstə alqışlayıblar.

Konserti tamaşa edən diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri - Rusiyanın “Mədəniyyət” kanalının baş direktoru Sergey Şumakov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, “Musiqi Olimpi” Fondunun prezidenti İrina Nikitina tədbirdən sonra bütün iştirakçıları təbrik edərək, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafında belə musiqi layihələrinin əhəmiyyətini xüsusilə vurğulayıblar.

Qeyd edək ki, “Musiqi Olimpi” festivalı bu il mayın 28-dən iyunun 4-dək Sankt-Peterburqun ən tanınmış konsert səhnələrində - Dövlət Mariya Teatrı, Akademik Dövlət Filarmoniyası və Dövlət Kapellasının səhnəsində həmin yaradıcı birliklərin simfonik orkestrlərinin iştirakı ilə keçirilib. İspaniya, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Azərbaycan, Tayvan, Koreya, Çin, Yaponiya, Yunanıstan, Fransa və Türkiyənin ən parlaq gənc musiqiçiləri - beynəlxalq müsabiqələrin qalibləri geniş konsert proqramları ilə dinləyicilər qarşısında çıxış ediblər.



azertag.az