Əbülfəs Qarayev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
7.6.2017

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 6-da İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stav ilə görüşüb.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin bu il iyunun 7-də İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib.
Səfir Dan Stav İsrail tərəfinin hər il ölkəmizdə təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib.
Əbülfəs Qarayev ölkəmizdə turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist axınının artacağına inamını ifadə edib.

report.az