Azərbaycanın turizm potensialının elmi təşviqi məsələləri müzakirə olunub
7.6.2017

İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə “Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda “dəyirmi masa” keçirib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin 2017-ci il üçün iş planında nəzərdə tutulan “Mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar”ın davamı olaraq keçirilən tədbir, həmçinin Gənc Alimlər və Mütəxəssislər Şurası ilə imzalanmış anlaşma Memorandumu çərçivəsində reallaşdırılıb. Mərkəzin qarşısında duran hədəflərdən biri mədəniyyət və turizm sahələrində mövcud problemlərin həllinə respublikanın elmi potensialının cəlb olunmasıdır.

“Dəyirmi masa”da AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev turizmin iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsində elmi və mənəvi əhəmiyyətini diqqətə çatdırıblar.

Mövzulardan biri - turizm sahəsində milli keyfiyyət sisteminin təşviqi və fəaliyyət planı xüsusilə müzakirə olunub və geniş fikir mübadiləsi aparılıb. Tədbirdə Şura ilə Mərkəzin yeni ideyaların və birgə layihələrin keçirilməsinin vacibliyi bir daha vurğulanıb.

Bildirilib ki, Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib, turizmin təşviqi ilə bağlı görülən işlər, dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi elmi və mədəni siyasətin strateji amillərindən biridir.

azertag.az