Məşhur yazıçı Karlos Kastanedanın “Röyagörmə məharəti” əsəri Azərbaycan dilində çapdan çıxmışdır
24.10.2012

Dünya şöhrətli Peru-amerikan yazıçısı Karlos Kastanedanın “Röyagörmə məharəti” əsəri Azərbaycan dilində nəşr olunmuşdur.
“Röyagörmə məharəti” kitabının Azərbaycanda nəşr olunmasının məqsədi oxucuları Meksikanın qədim naqvalçılıq sənəti ilə tanış etməkdir. Həmçinin fəlsəfi baxımdan dünyanı və insanı enerjinin bir şəklini digər şəklinə çevirmək yolu ilə dərk etmək, onun köməyi ilə insanlara, hadisələrə, bütövlükdə ətraf aləmə təsir göstərmək, magiya, şamançılıq, bütövlükdə geniş oxucu kütləsini ezoterizmin və okkultizmin təhlilini aparmış K.Kastanedanın yaradıcılığı ilə tanış etməkdir.
Əsəri Azərbaycan dilinə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Fariz Abasov tərcümə etmişdir. Kitab “CBS Polygraphic Production” mətbəəsində çapdan çıxmışdır.
K.Kastanedanın əsərləri akademik dairələrdə böyük müzakirələrə səbəb olmuş, minlərlə oxucunun rəğbətini qazanmışdır. Məşhur braziliyalı yazıçı Paulo Koelyo da K.Kastanedanın yaradıcılığından ilham almış, əsərlərində onun fəlsəfəsindən geniş bəhrələnmişdir.


AzərTAc