“YARAT” Müasir İncəsənət Məkanında “Qazaxıstan üzərində günəş və neonlar” sərgisi açılıb
7.6.2017

“YARAT” Müasir İncəsənət Məkanında Qazaxıstanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

Sərginin açılış mərasimindən əvvəl mətbuat konfransı keçirilib.

YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Byörn Geldhof sərginin başlıca məqsədindən danışıb. O bildirib ki, “Qazaxıstan üzərində günəş və neonlar” sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva, Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə yaradıcılığa yeni başlayan Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Uqay və Qayişa Madanovanın əsərlərini bir araya gətirib.

Onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, bu tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.1930-cu illərdə dövlət quruculuğunun bir hissəsi kimi yaradılmış sovet incəsənət məktəblərindən sonra Qazaxıstanda təsviri sənətə maraq oyanmağa başlanıb.1940-cı illərdə avanqard üslubuna müraciət edən bir çox sənət adamları Qazaxıstana sürgün edilib. Nəticədə, son dərəcə gözlənilməz, əsas etibarilə rəsmi sənədlərdə əks olunmayan fərqli düşüncəyə malik nonconformist və konseptualist dairələri ilə sıx əlaqələrin olmasına baxmayaraq, sözügedən cərəyan, Qazaxıstanda 1950-ci illərdən başlayaraq 1990-cı illərin əvvəllərinə qədər davam edib.

Byörn Geldhof deyib ki, Sovet İttifaqının süqutundan sonra, Qazaxıstanın sənət meydanında köklü dəyişikliklər yer almağa başlayıb. Bəzi rəssamlar öz mövqelərinə Mərkəzi Asiya diskursundan nəzər yetirməklə, konseptualist sənət cərəyanını davam etdirsələr də, nisbətən gənc nəslin nümayəndələri yeni özünüifadə dilinin axtarışında idilər. Həmin rəssamlar, milli və etnik bədii obrazın dirçəldilməsi, habelə milli kimliyinin qurulması kimi mütləq proseslər arasında təşəkkül tapmış postcolonial Mərkəzi Asiya ilə bağlı sualları qabardıblar. Rəssamlar provokasiya, yumor, istehza və romantizmdən istifadə etməklə, dövlət müstəqilliyi, yaxın keçmişin tarixi və sosial kimliyinə ünvanlanmaqla, əsillik ritorikasına ziddiyyətli məqamları araşdırıblar. 1991-ci ildən etibarən, digər MDB ölkələri kimi Qazaxıstan da öz mədəni strukturunu köklü surətdə dəyişən müxtəlif sosiala-iqtisadi dəyişikliklərə məruz qalıb. Sürətli inkişaf dövrü sayılan 2000-ci illərdə yetişən gənc rəssamlar nəsli, 1990-cı illərin millətçi ruhunu yaşamadıqlarına görə, öz ölkələrinin keçmişini və ya irsini ideallaşdıra bilmirlər. Bu internet, və sosial şəbəkələr haqqında hər şeyi bilən, onları əhatə edən məhdudiyyətlərə və ictimai quruluşlara qarşı çıxan yeni şəhər uşaqlarıdır. Onların qayğıları nisbətən fərdi xarakter daşıyır. Onların əsərləri, şəhər daxilində yaşanan qapalı həyatın illüziyaları və məyusluqları, ümidləri və ümidsizliklərindən qaynaqlanır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək sərgidə 16 rəssamın əl işi nümayiş edilir.


azertag