Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar keçiriləcək.
Qəbələyə gələn 45 ölkənin 700-ə yaxın idmançısı iyunun 7-də səhər saatlarından başlayaraq Stend və Ox Atıcılığı Kompleksində rəsmi təlim-məşq toplanışında iştirak edir. Bu gün axşam saat 19:00-da Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində yarışların rəsmi açılış mərasimi olacaq. Beynəlxalq yarışa iyunun 8-də start veriləcək. İlk olaraq qadın və kişi idmançılar 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparacaqlar.
Yarışa hazırlıq məqsədilə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Beynəlxalq İdman Atıcılıq Federasiyasının, Azərbaycan Atıcılıq Federasiyasının, “Qəbələ” Atıcılıq Klubunun, eləcə də 45 ölkənin atıcılıq federasiyalarının nümayəndələri, idmançıların məşqçiləri və hakimlər, texniki işçilər iştirak ediblər. İclasda təşkilati məsələlər müzakirə olunub, komandaların heyəti açıqlanıb.
İyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq, hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.
azertag.az