"Ailəmin PAŞA Güvənliyi" məhsulunun onlayn satışına başlanılıb
7.6.2017

"PAŞA Həyat" şirkəti mayın 7-dən etibarən "Ailəmin PAŞA Güvənliyi" (APG) məhsulunun onlayn satışına başlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, istənilən şəxs sadəcə www.pasha-life.az saytında "Online xidmətlər" bölməsinə daxil olaraq APG məhsulunu tez bir zamanda əldə edə bilər. "Müştərilərimizin rahatlığını nəzərə alaraq, bu məhsul üzrə ilkin sığorta təminatı məbləğinin hesablanması üçün xüsusi kalkulyator da (http://pasha-life.az/calculators?lang=az ) əlavə edilib. Məqsədimiz müştərilərin vaxtlarına qənaət etmək, onların ofisə gəlmədən bu məhsulu onlayn formada tez bir zamanda əlçatanlığını təmin etməkdir", - deyə ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib.

Qeyd edək ki, "PAŞA Həyat" APG məhsulunu yaratmaqla ölkənin həyat sığortası bazarında pərakəndə həyat sığortası məhsulunun satışını təşkil edən ilk şirkət olub. APG geniş hədəf kütləsi üçün hazırlanmış fərdi həyat sığortası məhsuludur. Məhsulu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta məbləğinin həcmi müştərinin yaşı, sağlamlıq durumu, həyat tərzinin risklilik dərəcəsi və digər amillər əsasında xüsusi hesablama vasitəsilə təyin edilir.

Sığorta olunan şəxs sığorta haqqının ödənişini həm əvvəlcədən birdəfəlik, həm də aylıq və ya illik bərabər hissələrlə həyata keçirə bilər. Bundan başqa, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir.

Məhsul üzrə təminat 60.000 manat və 30.000 dollara qədər olduqda sığorta olunan şəxsdən tibbi müayinədən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 manat və ya 250.000 dollar həcmində müəyyənləşib

azertag.az