Bu gün Bakı Dövlət Universitetində yay imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.
BDU-dan verilən məlumata görə, tədbir rektorluq yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutub.
Əvvəlcə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun iştirakı ilə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, BDU rektorunun imzaladığı əmrə əsasən imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanlarda gözdən əlil tələbələr üçün xüsusi şərait yaradılıb, eyni zamanda, IV Bakı İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirak edən tələbələrə imtahanlarda güzəştlərin edilməsi qərara alınıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.
İmtahan prosesinin təşkilindən və keçirilməsindən, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən “Açıq qapı” günü iştirakçıları obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Publika.az