İsrail Azərbaycan turistləri üçün viza rejimini ləğv edə bilər
29.10.2012

İsrail ölkənin turizm sahəsinə azərbaycanlı investorları cəlb etməkdə və Azərbaycandan olan turistlərin axınını gücləndirməkdə maraqlıdır.

Bunu jurnalistlərə açıqlamasında İsrailin turizm naziri Stas Misejnikov deyib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycandan olan turistlər üçün viza rejimini ləğv etməyi planlaşdırırlar: “Artıq Rusiya və Ukraynadan olan turistlər İsrailə vizasız gəlib-gedirlər”.

Nazir qeyd edib ki, İsrail turistlər üçün etibarlı və təhlükəsiz istiqamətlərdən biridir: “Ölkə hökumətinə təqdim olunacaq illik hesabatda İsraildə istirahəti 20% ucuzlaşdırmaqla bağlı təkliflər də əksini tapıb”.

Azərbaycandan olan turistlərin fəallığının zəif olduğunu deyən nazir gələcəkdə bu sahədə qarşılıqlı əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.

APA