İyunun 14-dən 19-dək Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz Caz Festivalı keçiriləcək. Festivalda ölkəmizi həmyerlimiz, tanınmış caz ifaçısı, Əməkdar Artist Salman Qəmbərov təmsil edəcək.
Bu barədə məlumat verən S.Qəmbərov deyib ki, festival çərçivəsində əvvəlcə Tbilisi Konservatoriyasında ustad dərsləri keçəcək. O, konservatoriyanın müəllim və tələbə heyəti ilə görüşəcək, sənətlə bağlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq. İyunun 19-da festivalda çıxış edəcək sənətkar Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edəcək.
Növbəti qastrol səfəri haqqında danışan Əməkdar Artist deyib: “İyunun 29-da Livanın paytaxtı Beyrutda təşkil ediləcək “Moorgenland festival”ında iştirak üçün dəvət almışam. Bu festivala çoxsaylı Şərq ölkələrindən tanınmış musiqiçilər qatılacaq. Festivalda çıxış edən ifaçıları “All Star Band” adlı orkestr müşayiət edəcək. Bundan əlavə, yaxın gələcəkdə digər ölkələrdə də konsertlərim nəzərdə tutulub”.
azertag.az