“II Etika Forumu - Bakı 2017” keçirilib
9.6.2017

İyunun 8-də “Etika Akademiyası” ölkənin milli dəyərlərini, etik prinsiplərini, qlobal standartlara uyğunluğunu dünya ictimaiyyətinə çatdırmaq və təbliğatına diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “II Etika Forumu - Bakı 2017” adlı tədbir keçirib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Forumda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, “Etika Akademiyası” qısa müddətdə mühüm işlər görüb. V.Quliyev çıxışında etika haqqında geniş məlumat verib və etik prinsiplərin cəmiyyətimizdə, həyatımızda ən vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. A.Səfixanlı “Etika Akademiyası”nın bu forumunun əsas mövzusu olan həmrəylikdən danışıb. Bildirib ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələri mehriban şəkildə yaşayır və onların hüquq və azadlıqları yüksək səviyyədə müdafiə olunur.

Forumda iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Anar Qədiməliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı Novruz Aslanov və digərləri çıxış edərək, forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Etika Akademiyası”nın rəhbəri Günel İbrahim forumun əsas məqsədləri haqqında məlumat verib.

Tədbirdə “Etika Akademiyası”nın fəaliyyəti dövründə görülən işlərdən və qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

azertag.az