Azərbaycan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində parçalanmaq təhlükəsindən xilas olub, ölkəmizdə əmin-amanlıq və siyasi sabitlik təmin edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarıdır. Milli Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günü və ölkənin ictimai-siyasi həyatında açılmış yeni səhifədir.
Bu fikirlər Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşəbbüsü ilə Düyərli kənd 1nömrəli tam orta məktəbdə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbirdə çıxış edərək 1993-cü ilin iyununda ölkəmizdə vətəndaş müharibəsi təhlükəsindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında mühüm dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb. Digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Digər çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan gərgin fəaliyyət nəticəsində siyasi anarxiyaya son qoyulub, ölkədə qanunsuz silahlı dəstələr ləğv olunub, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısı ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanılın. Bundan sonra ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb. Bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
azertag.az