İyunun 11-də Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışının qalibləri mükafatlandırılıb.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iki gün ərzində keçirilən yarışda idman cəmiyyətlərini, eləcə də respublikanın müxtəlif rayonlarını təmsil edən, ümumilikdə, 50-yə yaxın ailə komandası mübarizə aparıb. Tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən iplə keçmə mərhələlərində mübarizə aparıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.
Çempionatın mükafatlandırma mərasimində turnirin əhəmiyyətindən danışılaraq bildirilib ki, sağlam həyat tərzinin ölkəmizdə təbliği istiqamətində mühüm addımlar atılır.
Çıxışlardan sonra qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunub.
azertag.az