Son 5 ayda əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 997 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Onlardan 500 nəfərə yaxın şəxs ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.
Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 632 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 724 ədəd yuxarı və aşağı ətraf ortezi, 3 956 ədəd müxtəlif reabilitasiya vasitəsi, 210 ədəd bel və boyun nahiyəsi üçün korset, 1064 cüt protez ayaqqabı, 1 877 cüt ortopedik ayaqqabı, 192 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 26 ədəd eşitmə aparatı, 298 cüt qoltuqaltı və 518 cüt dirsəkaltı ağac, 723 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə məxsus 335 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.
Ümumilikdə cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində son 5 ayda 223 əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) göstərilib.
trend