“Ümumdünya Ətraf Mühit Günü” və çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 10-da IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Novxanı çimərliyi ərazisində ənənəvi təmizlik aksiyası keçirilib.
IDEA-dan verilən məlumata görə, 200 nəfərdən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək, çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra, bütün tullantılar xüsusi nəqliyyat vasitəsi ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Aksiya ictimaiyyətin geniş marağına səbəb olub, özəl təşkilat və ölkəmizdə təmsil olunan diplomatik nümayəndəliklərdən, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Oksford Məktəbi, Oksbric Akademiyası, Bakı Avropa Liseyi kimi ali və orta təhsil müəssisələrindən müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə könüllü olaraq qoşulublar.
Qeyd edək ki, aksiyada Binəqədi rayon icra hakimiyyəti nümayəndələri də iştirak ediblər.
Öz fəaliyyətində maarifləndirməyə xüsusi önəm verən IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən çaylarda bu cür təmizlik aksiyaları təşkil edir.
Tullantıların ətraf mühitə törətdiyi mənfi nəticələri, o cümlədən tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkiləri nəzərə alaraq, IDEA İctimai Birliyi və Təmiz Şəhər ASC hər kəsi Planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!
trend