Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın kollektiv aktyorun məzarını ziyarət ediblər. Burada teatrın əməkdaşları ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tariximizə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşüblər, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru Ə. Lalayev, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını çatdırıb. “Musiqili Teatrın rəhbərliyi hər zaman bizə diqqətlə yanaşıb. Bu gün Şölənin fərdi sərgisinin təşkil olunması da teatr rəhbərliyinin təklifi və təşkilatçılığı ilə baş tutub. Hacıbaba Bağırovun xatirəsinə, sənətinə, ailəsi olaraq hər zaman bizə göstərdiyi diqqət və qayğıya görə Əliqismət Lalayev başda olmaqla əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - A.Bağırova söyləyib.
Sonra Şölə Bağırova ilk fərdi sərgisinin lentini kəsib.
Silsilə yubiley tədbirlərinin sonunda vaxtı ilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığı haqqında çıxış edib.
report.az