"Qarabağ"ın keçmiş hücumçusu ilk dəfə İsveç millisinə çağırılıb
12.6.2017

"Qarabağ" klubunun sabiq futbolçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb. 27 yaşlı hücumçu iyunun 13-də Norveç yığması ilə yoldaşlıq görüşünə çağırılıb.
Armenteros Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşmada meydana çıxsa, əsas millidə debüt edəcək. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Fransa üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra bir çox futbolçuya istirahət verilib. Əvəzində baş məşqçi Yan Andersson bir neçə futbolçunu yoxlamağı qərara alıb. O, ötən mövsümü Hollandiya "Herakles"inin heyətində keçirmiş təcrübəli hücumçuya da dəvət göndərib.
Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub. Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb.

report.az