Bakı yenidən Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
13.6.2017

Oktyabrın 20-dən 28-dək Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

Festival günlərində cazsevərlər Sekou Kouyate (Qvineya), Syminology qrupu (Almaniya), Mişel Borstlap Triosu (Hollandiya), Bendik Hofset (Norveç), Omri Mor Triosu (İsrail), Matthias Spillman (İsveçrə), Bobo Stenson Triosu (İsveç), Kennedi Administreyşn (ABŞ) kimi dünya şöhrətli musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı artıq ənənəyə çevrilib və dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

Bakı Caz Festivalı bu il “European Jazz Network” təşkilatına üzv olub.


azertag.az