Xəbər verildiyi kimi, Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ölkəmizdə səfərdədir. Heyətə qardaş ölkənin yüksək tirajlı mətbu orqanlarından “Zaman”, “Todays Zaman”, “Hürriyet”, “Hürriyet Daily News”, “Star” və “Radikal” qəzetlərinin təmsilçiləri daxildir.
Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfərdə
məqsəd Azərbaycanın tarixi, mədəniyyəti, çağdaş siyasəti, iqtisadi potensialı,
Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha
ətraflı şəkildə təqdim olunmasında qardaş ölkə mediası ilə daha sıx əməkdaşlığı
təşviq etməkdir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində türkiyəli
jurnalistlərin ölkəmizin dövlət və hökumət qurumlarında görüşləri də nəzərdə
tutulub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türkiyəli jurnalistlərlə görüşdü.
Nazir Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsində medianın mühüm rolunu
vurğuladı. Qeyd olundu ki, ölkəmizin tarix və mədəniyyətinin təbliği,
Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırılmasında kütləvi
informasiya vasitələrinin fəaliyyəti böyük önəm kəsb edir. Azərbaycanın
regionda ən inkişaf etmiş ölkə olduğunu qeyd edən nazir Azərbaycan-Türkiyə
arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsindən söhbət
açdı. Xüsusilə ölkəmizdə turizmin inkişafına türkiyəli mütəxəssislərin mühüm
töhfə verdiyini vurğuladı: “Bu yaxınlarda Bakıda Türkiyənin aparıcı turizm
qurumlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycanda turizm sisteminin
təkmilləşməsində Türkiyənin rolunu yüksək qiymətləndiririk. Hazırda ölkəmizdə
hotel sahəsində çoxlu sayda türkiyəli mütəxəssis çalışır”.
Nazir Azərbaycanda dünya miqyaslı mədəniyyət tədbirlərinin həyata keçirilməsinə
böyük önəm verildiyini dedi. Bu ilin martında Bakıda keçirilən beynəlxalq muğam
festivalı, apreldə gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, hazırda
Qəbələ şəhərində keçirilən III Beynəlxalq musiqi festivalı və digər irimiqyaslı
tədbirlər barədə türkiyəli jurnalistlərə məlumat verildi.
Daha sonra nazir Ermənistanın ölkəmizə hərbi təcavüzdən danışaraq bu təcavüzün
Azərbaycanın mədəniyyətinə, incəsənətinə də qarşı yönəldiyini qeyd etdi.
Ermənilərin milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi
öz adlarına çıxmağa çalışdıqlarını nəzərə çatdırdı.
Türkiyəli jurnalistlər erməni təcavüzünə məruz qalmış tarixi abidələrimizin
vəziyyəti barədə bilgi aldılar. Qardaş ölkənin media təmsilçiləri həmçinin
Azərbaycana gələn turistlərin sayı, turizm sektorunda gedən proseslər, həmçinin
2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla
bağlı görülən işlərlə maraqlandılar.