Səyyar ASAN xidmət 13-22 iyun Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, 14-23 iyun Abşeron rayonunun Hökməli qəsəbəsində, 14 iyun-3 iyul Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə ASAN-dan məlumat verilib.
Həmçinin, səyyar avtobuslar 22 may-20 iyun Qusarda, 5 iyun-4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 5-19 iyun Ağdamda, səyyar ASAN qatar 10-24 iyun Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
trend