Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir.
Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, artıq yolun 45-91-ci kilometrində işlər yekunlaşıb:
"Bu ilin sonuna qədər işləri yekunlaşdırmağa çalışırıq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-95-ci kilometrlik hissəsi 2 hərəkət zolaqlı idi. Həmin yol 4 hərəkət zolaqlı olacaq. Artıq yolun 45-91-ci kilometrliyində işlər yekunlaşıb. Hazırda yolun 13-15-ci kilometrliyində genişləndirilmə işləri aparılır. İlin sonuna kimi yolun 45-91 və 13-15-ci kilometrliklərində aparılan genişləndirilmə işləri başa çatdırılacaq və yol istifadəyə veriləcək. Hazırda yolun 15-45-ci kilometrliyində də aparılan işlər sürətləndirilib. İşlər sürətlə gedərsə, 13-91-ci kilometrlik hissə tam olaraq ilin sonunda sürücülərin istifadəsinə veriləcək. Əgər işlər yekunlaşdırılmasa, yolun 15-45-ci kilometrlik hissəsi isə gələn ilin əvvəlində istifadəyə veriləcək".
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi ötən il istifadəyə verilib. Yolun Bakı-Şamaxı-Muğanlı hissəsində isə ötən il genişləndirilmə işlərinə başlanılıb.
trend