Tikinti şirkətlərinin çoxmənzilli binaları idarə etmək imkanı məhdudlaşdırılır
13.6.2017

Çoxmənzilli binaların sakinləri yaşadıqları binanının idarəçiliyində özləri iştirak edəcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən Mənzil Məcəlləsində dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.

Layihədə qeyd olunub ki, Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır.

Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Hazırki qanunvericiliyə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Dəyişiklik layihəsində bu müddət 1 aya endirilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

trend