Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.
Təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbirlərinin keçirilməsi barədə imzaladığı əmrə əsasən, tədbir bu gün yalnız təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır.
Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək.
2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.
Eyni zamanda, Bakıdakı məktəblərin buraxılış (XI, XII) siniflərini 20 124 şagird bitirəcək. 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
report.az