Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, bu aksiya bölgənin 400-dən çox yoxsul ailəsini əhatə edib.
Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqları arasında dini etiqad, mədəni yaxınlıq və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevinci və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar-sosial sahədə də inkişaf etdiyini, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosial yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.
report.az