Fidan Hacıyeva: Dünyanın ən məşhur opera ifaçılarının öz musiqi mərkəzləri var
14.6.2017

Bu günlərdə Azərbaycanın Xalq Artisti, səhnəmizin Karmeni Fidan Hacıyeva və onun rəhbərlik etdiyi Musiqi Mərkəzi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solo konsert proqramı ilə çıxış edib. Bu, bir il bundan əvvəl - 2016-cı il mayın 1-də açılışı olmuş Fidan Hacıyeva Musiqi Mərkəzinin ilk böyük solo konserti idi. Klassik musiqisevərlərin, mədəniyyət və incəsənət xadimlərinin izlədikləri konsert böyük maraqla qarşılanıb. Bu barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Fidan xanım deyib: "Həmişə böyük arzum olub ki, öz mərkəzimi yaradım və illər boyu öyrəndiyim vokal sənətini tələbələrimə çatdırım. Altı yaşından musiqi ilə məşğulam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində Hüseyn Əliyevin sinfində təhsil almışam, aspirantura pilləsinə qədər çatmışam. 19 yaşımda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşam, 21 yaşımda ən gənc Karmen və digər obrazları yaratmışam. İtaliyada Kidjiano Akademiyasında laureat olmuşam, burada həm də Bruno Balionidən, Rusiyada RF Xalq Artisti, dünya şöhrətli - İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri almışam. Bunlar hamısı bir təcrübədir. Bu illər ərzində topladığım vokal texnikasını, klassik musiqi təcrübəsini öz tələbələrimə ötürmək istədim.

Dünyanın ən məşhur opera ifaçılarının öz musiqi mərkəzləri var. Məsələn, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi, Bruno Balioni Mərkəzi və digərləri. Mən də istədim ki, Azərbaycanda belə bir mərkəzimi yaradım. İyunun 11-də təqdim etdiyimiz solo konsertimiz bir il ərzində çəkdiyimiz zəhmətin nəticəsidir".

Tələbələrimdən metroda işləyəni də var,

rabitəçi də, idmançı da, aktyor da...

“Maraqlı odur ki, Musiqi Mərkəzimizdə tədris etdiyim tələbələrim ayrı-ayrı peşələrin sahibləridir. Onlardan metroda çalışan da var. Bir tələbəm rabitəçi, biri idmançı, biri aktyor, biri həkimdir, biri Bakı Dövlət Universitetində təhsil alır, lakin səsi Müslüm Maqomayevin səsi kimidir. Bir sözlə, tələbələrimin arasında 7 yaşında olanı da var, yaşı 50-dən yuxarı olanı da. Lakin bunların hamısına Allah-taala gözəl səs, istedad verib. Onlar dünya bəstəkarlarının, italyan bəstəkarlarının əsərlərini, Neopolitan mahnılarını oxuyur, ən çətin əsərlərin öhdəsindən gəlirlər. Məsələn, 23 yaşlı Elçin Əliyev C.Puççininin "Turandot" operasından "Nessun dorma" ariyasını çox yüksək səviyyədə ifa etdi. Yaxud Aris Nəbiyev çox istedadlı gəncdir. Mərkəzimdə artıq laureatlar var. Məsələn, 2016-cı ilin dekabrında keçirilmiş, ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıla məxsus "Zima" festivalında tələbələrim Sevil və Nigar iştirak ediblər. Artıq beynəlxalq festivallarda uşaqlar iştirak edir, diplomlara layiq görülürlər. Deyim ki, Mahnı Teatrındakı konsertimizdə də onlar bir il ərzində çəkdiyimiz zəhməti doğrultdular, burada 20-dən çox tələbəm gözəl performans etdi. Sözün düzü, özüm də gözləmirdim", - deyə Fidan xanım təəssüratlarını bölüşür.

Böyük Britaniya səfiri də Musiqi

Mərkəzi tələbələrinin səsini bəyənib

Xalq artistinin sözlərinə görə, bu yaxınlarda Musiqi Mərkəzinin qonağı olmuş Böyük Britaniyanın ölkəmizdəki səfiri də burada aparılan yaradıcı mühitini, tələbələrin səslərini çox bəyənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Fidan Hacıyeva tələbələri ilə iyunun əvvəlində "Zirə" Mədəniyyət Mərkəzində konsert verib. Bu konsertin də uğurlu olduğunu xatırladan Fidan xanım deyir: "Bütün bunlar tək mənim deyil, Azərbaycan mədəniyyətinin, vokal sənətinin uğurudur. Azərbaycanda opera sənətinin, klassikanın davamı olan yeni səslər meydana çıxır. Bu səslər dünyaya çıxan səslərdir. Bu məni çox sevindirir. Bizdə opera da yaşayacaq, klassik musiqi də. Mənim onlara vokal sənətini, tədris edirəm, onları öyrətməyim də mənim üçün bir stimuldur".

Xalq Artisti Zemfira Nərimanova: Fidan xanıma "Afərin" deyirəm

Haqqında söhbət açdığımız konsertdə bir təsadüf nəticəsində iştirak edən Xalq Artisti Zemfira Nərimanova da təəssüratlarını bizimlə bölüşdü. "Bu konsertdə bir tanışımın qızı çıxış edəcəkdi - Nəzrin adlı bu qızı təbrik etmək üçün konsertə getmişdim. Lakin ifalardan böyük zövq aldım. Çox sevinirəm ki, uşaqlarımızda həvəs, musiqi zövqü, musiqi duyumu var. Mən Fidanı gənclikdən tanıyıram. Lakin onun bu cür fəaliyyət göstərməsindən xəbərim yox idi. Konsertdə iştirak edənlərin istedadları eyni səviyyədə olmasa da, hamısı həvəslə çıxış edirdi, onların ifası, səhnə davranışı çox maraqlı idi. Müəllimdən çox şey asılıdır. Bu baxımdan Fidan xanıma "Afərin" deyirəm. Onu da qeyd edim ki, mən Nəzrini sakit bir qız kimi tanıyırdım, səhnədə isə onu nazlı bir qız kimi gördüm. Deməli, Musiqi Mərkəzi bu cür istedadlı gənclərin potensialını üzə çıxarır, onları yaradıcılığa həvəsləndirir. İnsan sənəti sevəndə, mədəniyyəti sevəndə özü də nəcib adam olur, yeni-yeni keyfiyyətləri üzə çıxır. Həm gənclərimizin sənətə marağı, çalışması, həm də Fidan xanımın bu cür fəaliyyəti ilə qürur duyuram".

Fidan Hacıyeva: Kimin səsi var gəlsin,

qulaq asım, istedadı olanları üzə çıxaraq

Dünya praktikasında musiqi, opera mərkəzləri həm də festivallar, yarışmalar keçirir. Bu barədə sualımızı cavablandıran Fidan xanım etiraf etdi ki, onun da belə bir arzusu var: "Fikirləşirəm ki, festivallar, yarışmalar gələcəkdə olmalıdır... Əlbəttə, Musiqi Mərkəzinin uşaqları burada təhsil aldıqları barədə diplom alsalar, çox yaxşı olar. Düşünürəm ki, bu işdə mənə dəstək göstərirlər və bu arzum həyata keçər. Bəlkə də bu Mərkəzi yaratmağım neçə-neçə istedadlı gənclərimiz üçün bir qismətdir ki, onlar özlərini burada tapır, nəyə qadir olduqlarını təsdiqləyirlər. Onlar Mərkəzimizə böyük həvəslə, sevinclə gəlirlər. Mən də onlara nə isə öyrədə bildiyim üçün qürur duyuram. Qeyd edim ki, tələbələrimin çıxış etməsi üçün ali məktəblərdən bizə dəvətlər göndərilir. Sentyabr ayında bir çox tədbirlərdə iştirak edəcəyik. Məşqlərimiz davam edir. İki tələbəmi Belarusda keçirilən beynəlxalq müsabiqəyə hazırlaşdırıram. Onlar qısa müddətdə çox peşəkar ifaya nail olublar. Yenə də müraciət edirəm: kimin səsi var gəlsin, qulaq asım, istedadı olanları üzə çıxardaq. Nə qədər çox olsaq, o qədər yaxşıdır, xüsusilə klassik janrda".

Tələbələrimin arasında Karmenim də var, Əsgərim də var...

“Elə tələbəniz varmı ki, ifa baxımından onda özünüzü görürsünüz” sualına Fidan xanım belə cavab verir: “Artıq Karmenim də var, Əsgərim də var, Gülçöhrə də, Koroğlu da, Nigar da var. Məsələn, bu yaxınlarda uşaqlar çıxıblar səhnəyə. Müşahidə edirəm ki, onlar ifa üslubunda, jestlərdə bir çox keyfiyyətləri məndən mənimsəyiblər. Axı mən onlara təkcə səs yox, səhnə davranışını, mədəniyyətini, aktyorluq tərzini və digər bu kimi xüsusiyyətləri öyrətmiş, onlarda olan istedadı üzə çıxarmışam. Biri var ki, bu xüsusiyyətləri illər boyu mənim kimi damla-damla yığasan, biri də var ki, Musiqi Mərkəzimiz fəaliyyətə başladığı bu bir il ərzində sənətin sirlərini öyrətdim, onlara öz potensiallarına uyğun istiqamətləri göstərdim. Sadə dillə desək, sanki ovuclarına qoyub dedim ki, bax, bu sənin, bu isə sənindir. Sənətin bir sirrini belə onlardan gizlətmədim. Onlar məni çox istəyirlər, mən də onları övladım kimi əzizlədim. Bəzən axşam saat 21-22-00 qədər işləyirik. Biri var konservatoriyada neçə illər oxuyursan, biri də var bir ilin ərzində öyrənirsən. Hətta iki-üç aya hazırladığım tələbələrim də olub. Bu, çox çətin və məsuliyyətli bir işdir".

İstərdim ki, Azərbaycanda opera-film çəkilsin

"İstərdim ki, Azərbaycanda opera-film çəkilsin, necə ki, dünyada çəkilir. Bizdə nəsə bu məsələ qaldırılmayıb. Əgər opera-film çəkilərsə, orada, məsələn, Gülçöhrəni, ya Karmeni məmnuniyyətlə oynayardım, yaxud "Kənd namusu" çəkilə bilərdi. Bizim çox gözəl rayonlarımız var, məsələn Lahıc kimi. Burada "Karmen"i oynamaq olar. Lahıcda heç dekorasiyaya ehtiyac yoxdur, bu yer özü elə İspaniyaya oxşayır" - deyə Fidan xanım fikirlərini bizimlə bölüşür.

Fransada solo konsert

Əsərləri üç dildə - Azərbaycan, rus, ingilis dillərində ifa edən Xalq Artisti Fidan Hacıyeva ölkəmizi xaricdə layiqincə təmsil edir. İyulun 14-də - Fransanın Respublika Günündə Fidan xanım Parisdə Azərbaycan Evində solo konsert proqramı ilə çıxış edəcək, bizim, həm də Fransanın böyük bəstəkarlarının əsərlərini səsləndirəcək. Mədəniyyətimizi, xalqımızın haqq səsini musiqinin dili ilə dünyaya çatdıran Fidan Hacıyeva xarici ölkələrdə çıxışlarını həmişə Azərbaycan haqqında mahnılarla bitirir. Respublikamızda cəbhə bölgələrində çıxış edən ifaçımızın repertuarında vətənpərvər motivli əsərlər də xüsusi yer tutur. "Xaricdə mənə deyəndə ki, "həm gözəl musiqiniz, həm də gözəl sözləriniz var", - bundan qürur duyuram. Doğrudan da xalqımız çox istedadlıdır. Elə Musiqi Mərkəzimiz də bu cür istedadlı insanları üzə çıxarmağa çalışır", - deyə Fidan xanım qeyd edir.

Xalq Artisti Fidan Hacıyeva, sentyabr ayında Heydər Əliyev Sarayında konsert verməyi də planlaşdırır. Onu da etiraf edir ki, Musiqi Mərkəzinə bu bir ildə daha çox diqqət ayırdığı üçün sentyabr ayından pərəstişkarlarının qarşısına opera sahəsində çıxacaq, eləcə də yeni obrazlar üzərində işləyəcək. Səhnəmizin Karmeni kimi tanınan, "Arşın mal alan" operettasında Gülçöhrəni sevə-sevə yaradan Fidan xanım həm də fransız bəstəkarı Sen-Sansın "Samson və Dalila" operasında Dalilanı ifa etmək arzusunu bizimlə bölüşdü.

Biz də Fidan xanıma həm Musiqi Mərkəzinin fəaliyyətində, həm də pərəstişkarlarına yeni-yeni sevinclər bəxş etmək işində uğurlar arzulayırıq.

azertag.az