Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən order, fəxri adlara və Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanına layiq görülən mədəniyyət və incəsənət işçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ə.Qarayev mükafat alan mədəniyyət işçilərini təbrik edib: "Bu gün dünyada Azərbaycanı tanımayan, onun mədəniyyətinə rəğbət bəsləməyən insan yoxdur. Biz nə qədər xaricdə özümüzü təbliğ ediriksə, ondan da artıq ölkənin daxilində mədəniyyət sahəsini inkişaf etdirməliyik. Yeniliklər ərsəyə gəlməlidir. Bu gün fəxri adlara layiq görülən insanlar Azərbaycan üçün çalışan, ölkənin adını daim yüksəldən insanlardır".
Bundan sonra Afaq Vəliyevaya (Afaq Məsud) "Şöhrət" ordeni, Aqşin Abdullayev, Zakir Ağayev, Makar Ferştandt, Anar Heybətov, Fuad İbrahimov, Əyyub Quliyev, İlham Nəzərov, Nazir Rüstəmova "Əməkdar artist", Rəşad Əhmədzadə, İslam Həsənova "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı təqdim olunub.
Eyni zamanda, bir qrup mədəniyyət və incəsənət işçisinə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı verilib.
report.az