BANM-də Milli Qurtuluş Günü qeyd olunub
14.6.2017

Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə BANM rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Ali məktəbin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
"Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyə inamla baxmasında müstəsna rol oynayan ulu öndər Heydər Əliyevdir”, - deyə prorektor bildirib.
O qeyd edib ki, dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan müstəqil və güclü dövlətə çevrilib. R.Həsənov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ulu ondərin ideyalarının uğurlu davamçısı olduğunu vurğulayıb.
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Heydər Əliyevin neft diplomatiyasının görünməyən tərəfləri” adlı məruzə ilə çıxış edib. O bildirib ki, H.Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırılıb.
Daha sonra “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-ci kurs tələbəsi Pakizə Paşayeva çıxış edərək ulu öndərin həyatından və çoxsahəli ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.


report.az