Formula-1 Azərbaycan Qran-Pri yarışlarının Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir
14.6.2017

İyunun 14-də media nümayəndələri Formula-1 Azərbaycan Qran-Pri yarışlarının Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Könüllülər və podratçı şirkətlərin nümayəndələri buraya gələrək qeydiyyat kartını, həmçinin uniformalarını əldə edirlər.

Yarışın könüllüləri və işçi heyətinə artıq giriş kartlarının verildiyini bildirən Uniforma və Akkreditasiya Mərkəzinin meneceri Rüfət Bayramov bildirib ki, Qran-Prinin bir parçası olmaq istəyən üç min könüllünün müraciətlərinə burada baxılır.

Bildirib ki, podratçı şirkətlərin dörd minə yaxın nümayəndəsinə giriş kartı və uniforma təqdim olunacaq. Ümumilikdə on üç minə yaxın insanın mərkəzə müraciət edəcəyini gözləyirik. Uniformalar işçi heyəti, könüllülər və podratçı şirkətlərin nümayəndələri üçün təqdim olunur. Bir dəst uniformaya iki mayka, papaq və gödəkçə daxildir.

Mərkəzin iyunun 1-dən fəaliyyətə başladığını bildirən Rüfət Bayramov iyunun 21-dək buranın açıq olacağını diqqətə çatdırıb. O, bu günədək 6 min nəfərin müraciət etdiyini vurğulayıb.

Formula-1 Azərbaycan Qran-Prisinə sayılı günlərin qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova deyib: “Artıq könüllülərin təlimi başa çatmaq üzrədir. Uniforma və akkreditasiya alınması prosesi çox vacibdir. Çünki bunlar olmadan könüllülərin müxtəlif zonalara və məkanlara girişi qadağandır. Akkreditasiya kartında könüllünün adı, soyadı, vəzifəsi və işləyəcəyi məkanın adı qeyd olunur”.

Könüllülərin çox fəal olduqlarını bildirən İranə Əhmədova onların “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə birlikdə həvəslə çalışdıqlarını məmnuniyyət hissi ilə ifadə edib. Bildirib ki, əməliyyat şirkəti tərəfindən könüllülər üçün hədiyyələr, maraqlı tədbirlər hazırlanacaq, sonda onlara sertifikatlar təqdim olunacaq.

azertag.az