Sofiyada “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi açılıb
16.6.2017

Sofiyada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil edilib.

Sərgidə ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, gündəlik məişətini, incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və s. maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Bolqarıstanın Prezident Administrasiyası, Vitse-prezidentinin ofisi və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri sərgidə iştirak ediblər.

Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər. Tədbiri açan Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru P.Xristov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və muzeyin əməkdaşlarına təşəkkürünü bildirib. P.Xristov sərgidə təqdim olunan əsərlərin Azərbaycan sənətkarlarının yüksək ustalığını nümayiş etdirdiyini və Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olduğunu nəzərə çatdırıb.

N.Qurbanova sözügedən sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu ifadə edib. Diplomat sərginin ölkəmizin bolqar və xarici dostlarına Azərbaycanın zəngin mədəni irsindən zövq almağa imkan yaradacağını bildirib. O, bəşəriyyətin qədim məskənlərindən biri olan Azərbaycanın coğrafi mövqeyinə görə Şərqlə Qərbin qovuşuğunda yerləşdiyini, bir sıra karvan yollarının, xüsusilə Böyük İpək Yolunun ölkəmizin ərazisindən keçdiyini vurğulayıb.

Səfir xalq yaradıcılığımızın geyim və zərgərlikdən tutmuş məişət əşyaları və silahlara qədər öz zənginliyi ilə hər zaman fərqləndiyini, Naxçıvan, Mingəçevir, Gədəbəy, Gəncə və digər bölgələrimizdə aşkar olunan sənət nümunələrinin 5000 ildən artıq yaşı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müxtəlif qab-qacaq, silah və bəzək əşyaları təkcə tarixi dəyər daşımır, həm də onları hazırlayan ustaların məharətindən xəbər verir.

N.Qurbanova sərginin təşkilatçılarından olan Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə yaradıldığını və dünyada xalça üzrə ixtisaslaşmış ilk muzey olduğunu bildirib. Diqqətə çatdırılıb ki, muzeyin yeni binası bükülmüş xalça formasındadır. Səfir muzeyin təşəbbüskarının Azərbaycan xalçaları üzrə fundamental əsərlərin müəllifi, xalçaçı-alim Lətif Kərimov olduğunu qeyd edərək deyib ki, ötən 50 ildə muzey tərəfindən dünyanın müxtəlif ölkələrində 30-dan çox sərgi təşkil olunub. Bu gün muzey təkcə sənət əsərləri və xalçalardan ibarət kolleksiya ünvanı kimi deyil, eyni zamanda, ənənəvi xalçaçılıq sənəti üzrə tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir.

Diplomat Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunduğunu, eləcə də bu sərgidə təqdim edilən əsərlərin bir çox ölkələrdə sərgiləndiyini diqqətə çatdırıb. Səfir iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfərə dəvət edib.

Sərgidə, həmçinin Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən videoçarx göstərilib, “Avropa2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim olunub.

Açılış mərasimindən sonra qonaqlar Azərbaycanın milli təamlarından dadıblar. Sərgi iyulun 30-dək davam edəcək.

azertag.az