“Formula-1” Azərbaycan Qran-Prisində dünya ulduzları və yerli ifaçılar çıxış edəcək
16.6.2017

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” Azərbaycan Qran-Prisini izləməyə gələn tamaşaçılar üçün 22-25 iyun tarixlərini əhatə edən dörd günlük geniş əyləncə proqramı hazırlayıb.

BŞH-dən bidirilib ki, proqramda nəzərdə tutulan bütün tədbirlər dənizkənarı bulvar ərazisi ilə yanaşı, Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı 22 iyunda, saat 14:00-dan 22:00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim Oxu.Az-a müsahibəsində yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il “Formula-1” Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Artıq yarışa 10 gün qalıb və son günlər ərzində yerli sakinlər buna daha çox maraq göstərirlər”.

İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu və nəhayət, iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar.

oxu.az