Azərbaycanın İKT tətbiqi İsveçrədə “çempion oldu”
16.6.2017

Azərbaycanın İKT tətbiqi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb.
Cenevrədə keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” (WSIS) forumunda qalib olan ölkəmizi Azərbaycan Respublikası Prezident Administrasiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Sosial Müdafiə Nazirlikləri, Azərbaycan İnternet Cəmiyyəti təmsil edib.
Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqədə 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.
Mükafat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə təqdim olunub.
Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.
3 ilə yaxındır ki, tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalı üzərindən təqdim olunur. Hazırda xidmət portalda ən çox istifadə olunan xidmətlərdən biridir. Belə ki, 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.


publika.az