Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.
Bu barədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz Facebook səhifəsində yazıb.
Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.
“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən iki giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metrdir. Bura keçidin 21,9 metr uzunluğunda olan pilləkən hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.
Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa olunub. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
oxu.az